Instagram Reklamları – Strategiyalar
Dünya üzərində 800 milyondan çox Instagram istifadəçisi var. Onlardan 500 milyondan çoxu hər gün Instagramdan aktiv olaraq istifadə edir, 250 milyondan çoxu isə gündəlik paylaşım edir. Böyük rəqəmlərdir elə deyilmi? Məhz bu amil Instagram reklamlarının əhəmiyyətini xeyli artırmışdır. Ölkəmizdə isə Instagram demək olar ki, ən çox istifadə olunan bir sosial media platformasıdır. Instagram reklamları dedikdə ümumilikdə sizin Instagram vasitəsilə tanınmaq üçün bütün ödənişli və ödənişsiz fəaliyyətlərinizi nəzərdə tuturuq. Auditoriyanızın kimlərdən ibarət olduğundan asılı olmayaraq – yaş, cins, lokasiya fərq etmədən əmin ola bilərsiniz ki, Instagram reklamları vasitəsilə onlara çata bilərsiniz. Beləliklə sual yaranır: Instagram ilə marketinq hədəflərinizə çatmanız üçün hansı üsullardan istifadə olunur? Bu suala cavab olaraq ən effektli Instagram reklamları strategiyalarını sizin üçün topladıq.
Ödənişli Instagram Reklamları
Ödənişli Instagram reklamları böyük kütlə qarşısına çıxa bilmə potensialəna sahib olmasına baxmayaraq çox böyük maliyyə xərcləri tələb etmir. Lakin bu cür reklamlarda düzgün hədəf müəyyən etmək vacibdir. İlk öncə xitab etmək istədiyiniz kütlənin yaş, lokasiya, ixtisasını və maraq dairələrini düzgün seçməyiniz lazım olacaq. Bununla siz məhsulunuza ehtiyac duymayan kütləyə və ya kateqoriyaya reklam verməmiş olursunuz. Daha sonra isə brendinizə uyğun marağa səbəb olacaq foto və ya video seçərək reklam kampaniyanıza start verə bilərsiniz.
Cəlbedici Məzmuna Malik Olmaq
Instagram ilhamverən foto və videoların paylaşıldığı bir platformadır. Minlərlə layk və baxış toplamış paylaşımlara nəzər yetirsəniz, onların niyə bu qədər populyar olduqlarını başa düşə bilərsiniz. Bunu bilboard kampaniyası kimi düşünün. Təbii ki, şosedə ilərləyən sürücünün və ya yoldan keçən insanların diqqətini cəlb etmək üçün gözoxşayan təsvir seçməli olursunuz. Eyni hal Instagram reklamları üçün də keçərlidir. Səhifənizə daha çox izləyici kütləsini cəlb etmək üçün paylaşım edərkən maksimal dərəcədə diqqət çəkən foto və videolardan istifadə etməlisiniz. Belə ki, Shopify araşdırmalarına əsasən Instagram istifadəçilərinin 93%-i təsvirin cəlbediciliyini bir məhsulu almaq üçün əsas səbəb kimi göstərmişdir.
Seçdiyiniz fotolar qədər postlardakı altyazı da diqqət etməli olduğunuz bir digər önəmli məsələdir. Maraqlı mətnlər seçərək izləyiciləri dialoqa, söhbətə, müzakirəyə cəlb edə bilərsiniz. Bacardığınız qədər rəylərə cavab verməyə çalışın.
Ən Yeni Trendləri İzlə
Instagram daim dəyişir. Yeni tendensiyalar, funksiyalar ictimaiyyətə açıqlandıqda bu barədə vaxtında xəbər tutduğunuzdan əmin olmalısınız. Instagram trendlərinin izlənməsi gələcək üçün marketinq strategiyanızın planlaşdırılmasına böyük kömək edəcəkdir. Çünki Instagramda trendlərin və hashtagların monitorinqi brendinizin tanınırlığını artırmağın ən effektiv yoludur. Bu da Instagram reklamlarınızın uğur qazanmasına kömək edəcək.
Auditoriyanız Aktiv Olduqda Siz də Aktiv Olun
Instagram-ın aktiv istifadəçiləri “ölü” hesabları və ya nadir hallarda paylaşım edən səhifələri sonsuza qədər izləmirlər. Sizin izləyiciləriniz daimi maraqlı yeni postların paylaşımında sizə arxalana biləcəklərindən əmin olmaq istəyirlər. Müntəzəm postinq sizi izləyən kütlənin artmasına səbəb olacaqdır. Amma vacib olan başqa bir məsələ daha var. Siz izləyicilərinizin ən fəal olduğu vaxtda aktiv olmalısınız. Instagram postları alqoritmdən dolayı kifayət qədər qısa ömrə (aktuallığa) malikdir. İzləyiciləriniz ilk bir neçə saat ərzində onları görməsə, böyük ehtimalla onları heç görməyəcəklər. İzləyici kütlənizin böyük bir qisminin onlayn olduğu vaxtı müəyyənləşdirin və bu zaman kəsimində post paylaşmağa səy göstərin.
Həftə içi 14-15 radələri aktivliyin ən az olduğu saatlardır. Ötən il sosial media menecerləri arasında keçirilmiş sorğuya əsasən Instagram-da 19.00 – 21.00 arası axşam saatları post paylaşmaq üçün ən yaxşı vaxt olduğunu söylədi. Lakin bu ilin nəticələrinə əsasən 12.00 – 14.00 arası nahar vaxtı da paylaşım etmək üçün seçilmiş ən düzgün vaxtlardan sayılır.
Bir Instagram Business hesabınız varsa, Insight bölməsindən də izləyicilərinizin ən aktiv olduğu saatları müşahidə edə bilərsiniz. Həmçinin bu bölmədə izləyiciləriniz yaşı, cinsiyyəti, yaşadıqları ərazi haqqda da digər maraqlı məlumatları tapa bilərsiniz.
Ümumilikdə isə Instagram-da posting saatları ilə bağlı bir çox müzakirələr olmuşdur. Lakin unutmamaq lazımdır ki, hər bir hesabın öz unikal auditoriyası var və bu auditoriyanın aktivliyinə görə hərəkət etmək lazımdır.
Düzgün Hashtag-lərdən İstifadə
Seçdiyiniz təsvirdən başqa hashtag-lər də postunuzun ən vacib elementlərindən biri sayılır. Altyazılar şəklinizin arxasındakı hekayəni izah etməyə kömək edərkən, hashtag-lər mövcud izləyicilərinizdən kənar şəxslər tərəfindən də postunuzun görünməsini təmin edir.
Hashtags seçmək üçün istifadə edə biləcəyiniz üç əsas strategiya var:
- Axtarış zamanı ən tez tapılma şansı olan məşhur hashtaglardan istifadə edin(məs. #baku, #business və s.)
- Nisbətən az populyar lakin sizin üçün vacib olan hashtag-lərdən istifadə edin. Bu cür hashtag-lər səhifənizə daha az insan cəlb edəcək. Lakin bu insanlar sizin hədəf kütlənizdən olacaqlar.
- Yeni izləyicilər qazanmaq üçün bu işə xidmət eden ümumi hashtaglərdən istifadə edin. Belə hashtəg-lərdan ən çox istifadə edilənləri #follow, #followme və s.
Istifadə etdiyiniz strategiyadan asılı olmayaraq hər bir postda ən azı bir hashtag istifadə etməyə çalışın. Çox hashtag istifadə haqqında narahat olmayın. Bəzi araşdırmalar hətta 11 və daha çox hashtag istifadə edilən postların daha çox uğur qazandığını göstərir.
İzləyicinin İstəyinin Nəzərə Alınması
İzləyicilərinizin istədiklərini onlara verin. Sizin müxtəlif izləyicilərinizin sizi izləməsi üçün ortaq bir səbəbi vardır. Buna görə də izləyicilərin hansı məzmunda paylaşımlara üstünlük verdiklərini bilməlisiniz. Sizin səhifəniz hər nə qədər reklam xarakterli olsa da və brendin tanınırlığına xidmət etsə də sadəcə bu cür postlarla izləyicinin diqqətini cəlb etmək asan olmayacaq. İzləyicilərin marağına səbəb olmaq üçün brendinizin konsepsiyasından çox da uzaqlaşmadan müəyyən bir tərzdə kreativ fotolar paylaşmağa səy göstərin. Ümumilikdə isə, səhifənizdə paylaşdığınız fotoların ən az 30%-i əyləncə xarakterli olmalıdır. Bu cür fotolar izləyicilərin rəy yazmağına və ya postunuzu paylaşmağa stimul yaradacaqdır. Bu həm səhifənizin darıxdırıcı və monoton olmasının qarşısını alacaq, həm də daha çox izləyici qazanmanıza səbəb olacaqdır.
Biz Interactive Media olaraq sizə Instagram reklamları və ya digər onlayn marketinq növlərinin həyata keçirilməsi zamanı yardımçı ola bilərik. Xidmətlərimiz bölməsində SEO Xidməti, SMM Xidməti, Web Saytların Yığılması və s. ilə əlaqəli geniş məlumat əldə edə bilərsiniz. Habelə saytların yaradılması, web sayt sifarişi, web dizayn və sayt yaratmaq kimi məqalələrimizdən müvafiq mövzular barədə ətraflı məlumat tapa bilərsiniz.